BABH - Bütöv Azərbaycan Birlik Hərəkatı

بابح - بوتو آزربایجان بیرلیک حرکاتی

"Böyük Ermənistan" xülyası və erməni terroru

۞BABH۞  Tarixçi-alim İsrafil Məmmədov: "30 aylıq erməni-daşnak hökuməti dövründə Ermənistandakı bütün kəndlərimiz dağıdılıb, əhalisi qırğınlara məruz qalıb"
Son illər ermənilər daha səylə Avropanın bir çox ölkələrində 24 apreli ermənilərin soyqırımı günü kimi tanıtmağa çalışırlar. Artıq bu sahədə onlar müəyyən cəhdlərinə də yetiblər. Guya ki, ermənilər həmin gün Türkiyə hökuməti tərəfindən soyqırıma məruz qalıblar. Təkcə Avropada deyil, hazırda dünyanın bütün ölkələrində ermənilər bu "soyqırımı" barədə şivən qoparmaqdadırlar. Doğrudanmı 1915-ci aprelin 24-də Türkiyədə yaşayan ermənilər soyqırıma məruz qalıblar?

Ermənilərin xəyanətkarlığı

AMEA Tarix İnstitutunun "Azərbaycanlıların soyqırımı və deportasiyası tarixi" şöbəsinin müdiri, tanınmış tarixçi-alim İsrafil Məmmədov ermənilərin bu ittihamının tamamilə əsassız olduğunu bildirir: "1915-ci il aprelin 24-dən 25-nə keçən gecə Türkiyə hökumətinin qərarı ilə ermənilərdən 235 nəfər həbs olundu. Bu "komitəçilər" türklərə qarşı təşkil edilən iğtişaşların rəhbərləri idilər. Az sonra həbs olunanların sayı 800-ə çatdı. Bunların bir hissəsi sürgünə göndərildi, digər hissəsi isə ölümlə cəzalandırılıdı. Qərar verildi ki, Türkiyə hökumətinə, xalqına qarşı Türkiyə ərazisində fəaliyyət göstərən komitələr qadağan olunsun. Bu, o deməkdir ki, 24 aprel məsələsi təkcə ermənilərə aid deyildi.
Ermənilərin xəyanətkarlığına görə Türkiyə hökuməti qərar verdi ki, onların bir hissəsi köçürülsün, digər hissəsi isə həbs edilsin. Şimaldan cənuba doğru müharibə zonasındakı ermənilər həmin ərazilərdən çıxarıldı. Türkiyənin vəziyyəti o zaman çox gərgin idi. İngilis, fransız, bolqar qoşunları artıq Konstantinopola (İstanbula) çatmışdılar. Türkiyə belə bir ölüm-dirim zamanında həm koalisiya qoşunlarına, həm də ki, rus qoşunlarına qarşı vuruşmalı idi. Namərd ermənilər məhz Türkiyənin belə bir ağır vəziyyətində ona xəyanət etdilər. Onlar Türkiyəni məhv etməyə çalışan qoşunlara bələdçilik, tərcüməçilik edirdilər. Rus generalları özləri etiraf edirdilər ki, türklərə qarşı ən fədakarlıqla vuruşan qüvvə ermənilərdir. Məhz bu səbəbdən də 24 apreldən sonra ermənilər fikirləşdilər ki, artıq biz Türkiyə ərazisində erməni dövləti, erməni vilayəti yaratmaq imkanından birdəfəlik məhrum olduq. Ermənilərin məhz 24 apreli "erməni xalqının soyqırımı günü" kimi təqdim etmək iddiaları və bununla bağlı türklərə qarşı ittiham irəli sürmələri, Türkiyənin üzr istəməsini, yüksək məbləğdə təzminat ödəməsini tələb etmələri bununla əlaqədardır".
O dövrdə Fransa hökuməti Türkiyə ərazisində erməni bayrağı ilə üç qondarma dövlət yaradıb. İsrafil Məmmədov bildirir ki, bu "dövlətlər"in hər birinin ömrü iki-üç ay olub. Bu, "dövlətlər" konstitusiya yaratmağa da vaxt tapmayıblar. Az sonra bunlar Türkiyə tərəfindən ləğv edildi. Rus qoşunları geri qayıdanda ermənilər də geri qayıtmağa məcbur oldular. Bu zaman erməni birləşmələri hədsiz azğınlaşmışdılar. Hətta ruslar qorxdular ki, ermənilər onlara qarşı da vuruşa bilərlər. Ona görə 1917-ci ilin əvvəllərində rus hökuməti qərar verdi ki, erməni hərbi birləşmələri buraxılsın. Geri qayıdan ermənilərin içərisində yerli ermənilər də var idi. Qars vilayəti ərazisində, İrəvan quberniyasına keçid yolunda 82 türk kəndi yerlə-yeksan edildi. Ermənilər yolun bir tərəfində çılpaq soyundurulmuş türk qadınlarını, o biri tərəfində isə nizələrə keçirilmiş uşaqları düzürdülər ki, erməni qoşunları daim bu qanlı səhnələrə baxıb ruhlansınlar. Bundan sonra ermənilər indiki Ermənistan ərazisində, indiki Xankəndi, Bakıya qədərki ərazilərdə yerləşən kəndləri də viran qoymağa başladılar. Sonra məlum 1918-ci il mart qırğınları baş verdi, minlərlə soydaşımız qanına qəltan edildi.

Əslində soyqırıma məruz qalan türklər olub

Bəs, "erməni soyqırımı"ndan sonrakı dövrdə Türkiyə ermənilərinin vəziyyəti əslində necə olub? İki yüz mindən çox erməni bu hadisələr zamanı islamı qəbul edərək Türkiyədə qaldı. Konstantinopol erməniləri Osmanlı hökumətinə qarşı döyüşmədiyinə görə onlara toxunulmadı. Məlumata görə, o vaxtı Türkiyədə 1 milyon 300 min nəfər erməni yaşayıb. Ermənilər isə israr edirlər ki, "genosid vaxtı" Türkiyədə 1,5 milyon nəfər erməni qırılıb. İsrafil Məmmədov daha sonra bunları bildirir: "Hətta müəyyən materiallarda həmin dövrdə Türkiyədə 700-800 min erməni yaşadığı göstərilir. Türkiyə hökuməti həmin dövrdə 300 min ermənini cəzalandırıb, xəyanətkarlığına görə sürgün edib. Amerika alimi C.Makkartinin fikrincə, həmin dövrdə o ərazilərdə təqribən 600 yüz min nəfər erməni, türklər tərəfdən isə 2,5 milyon nəfər ölüb. Dəhşət burasındadır, lap tutaq ki, ermənilərdən qırılan 1 milyon da olsa, bu rəqəmi dünya başı üzərinə bayraq edərək qaldırıb, amma 2,5 milyon türk haqqında isə qətiyyən danışılmır. Başqa bir alim isə deyir ki, müsəlman-türk əhali tərəfdən 2,5 yox, 3 milyon nəfər qırılıb".
1918-ci il mayın 28-dən 1920-ci il noyabrın 29-dək ermənilərin daşnak hökuməti bərqərar olub. 30 ay ərzində Ermənistandakı bütün azərbaycanlı-türk kəndləri dağıdılıb, əhalisi qırğınlara məruz qalıb: "Türkiyədən gələn erməni qüvvələri hakimiyyətdə idilər. Dro müdafiə naziri idi. Andronik oradakı kəndlərimizi yandıra-yandıra Naxçıvana keçdi. Şaumyana teleqram vurdu ki, Naxçıvanı almışam. İstəyirsiniz, buranı lap Rusiyaya birləşdirək. Azərbaycan hökuməti daşnak hökumətinə ultimatum verdi. Daşnaklar dedilər ki, Andronik bizə tabe deyil, ona qarşı heç bir tədbir görə bilmərik. Andronik məğlub olduqdan sonra Ermənistana qayıtdı, hökumətlə yola getmədi. Qılıncını Eçmiədzində qoyaraq Amerikaya köçdü, orada da öldü."
Atatürk dövrünə qədər Türkiyədə vəziyyət belə idi: 1920-ci il avqustun 10-da "Sever" müqaviləsi bağlanır. Həmin müqavilədəki ayrıca bəndə görə, erməni dövləti yaranmalı idi, onun 161 min kvadrat kilometr ərazisi olmalıydı. Türkiyənin 6 vilayəti də ermənilərə verilməli idi. İsrafil Məmmədov bildirir ki, Türkiyə artıq bu müqaviləyə qol çəkmişdi. 12 dövlətin sırasında Ermənistan ayrıca tərəf kimi müqavilədə iştirak edirdi. Lakin Mustafa Kamal Atatürk müqaviləni qəbul etmədi. 1923-cü ildə bu müqavilə ləğv edildi. İndi ermənilər istəyirlər ki, həmin o müqavilə bərpa edilsin, torpaqlar onlara verilsin. Bu müqaviləyə görə Azərbaycanın bir hissəsi də ermənilərə verilməli idi.
XX yüzilin əvvəllərində (1907) ermənilərin yazdığı "Erməni-türk qırğınları" kitabında göstərilir ki, İrəvan quberniyasının ərazisində olan 1301 kəndin 959-da azərbaycanlılar yaşayıb. Ermənilər etiraf edirlər ki, həmin dövrdə yaşayan azərbaycanlıların sayı 352 min nəfər olub. Əslində soyqırıma məruz qalan türklər olub.
Hələ I Dünya Müharibəsindən əvvəl Fransanın Türkiyə ilə ərazi məsələsində anlaşılmazlıq olub. Atatürk Türkiyə Cümhuriyyətini qurduqdan sonra fransızlar da Türkiyəni tərk etməyə məcbur oldular. O zamandan Fransanın Türkiyəyə olan acığı soyumaq bilmir. Tarixən də Fransada erməni lobbisi güclü olub. Məsələ burasındadır ki, tarixdən məlum olan Səlib yürüşlərinin qarşısını alan Türkiyədir. Həmin nifrət Türkiyəni sevməyənlərin içində hələ də qalır. Vaxtilə Los-Ancelosdakı universitetdə "Erməni dili və erməni tarixi" kafedrasının müdiri Riçard Ovanesyan deyirdi ki, soyqırımını etiraf etdirmək irəliyə doğru ilk addımımızdır. Guya ki, vaxtilə Türkiyədən didərgin düşmüş ermənilər artaraq hazırda 5-7 milyon nəfərə çatıb. Ermənilər hələ də ümid edirlər ki, həmin o didərgin düşmüş soydaşları Türkiyəyə qayıdaraq təzminat almalı və orada erməni dövləti qurmalıdırlar".

"Ermənilərin Bakıdakı vəhşiliklərini gözlərimlə gördüm"

Azərbaycan Demokratik Cümhuriyyəti dövründə ilk maliyyə naziri olmuş Əbdüləli bəy Əmircan Rusiya Azərbaycanı işğal etdikdən sonra, yəni 1920-ci ilin aprelindən sonra Türkiyəyə mühacirət etməyə məcbur olmuşdu. Həmin Əbdüləli bəy ermənilərin Qarabağdan Bakıya, oradan da İstanbula qədər törətdikləri qətliamları - zülmləri, vəhşəti görmüş, yaşamış və "Böyük Ermənistan xəyalı və Qarsdan Qarabağa qədər erməni vəhşəti" adlı kitab yazmışdı. Əbdüləli bəy bu kitabında ermənilərin kimliyi və Osmanlı imperatorluğu zamanı onların durumu, daşnak və erməni kilsələrinin türkə qarşı hədyanlarının davamlı şəkildə səy göstərməsindən və bunu reallaşdırmasından, eləcə də digər məsələlərdən danışır. Kitab rusların ermənilərdən bir alət kimi istifadə etməsi məsələsi ilə başlayır. Əbdüləli bəy bildirir ki, 1870-ci illərdə II Aleksandr zamanında çar hökumətində əslən erməni olan Delyanov adlı bir şəxs maarif naziri vəzifəsinə təyin edildi. Həmin bu erməni əlaqələrindən istifadə edərək çar ordusuna çoxlu sayda erməni əsgərlərini daxil etdirə bildi. Məhz bu dövrdən başlayaraq ermənilər türklərə qarşı daha açıq şəkildə hücuma keçməyə başladılar. 1877-78-ci illərdə baş vermiş rus-türk müharibəsi zamanı həmin bu erməni qüvvələri türklərə qarşı amansızlıqları ilə seçilmişlər.
I Dünya Müharibəsi zamanı ermənilər "Böyük Ermənistan xəyallar"ını gerçəkləşdirməyə cəhd edirlər. Əbdüləli bəy yazır ki, artıq 30 il müddətində rus ordusunda əsgərlik edən erməniləri müharibəyə çağırırlar. Onlar I Dünya Müharibəsinin başlanması xəbərini böyük bir sevinclə qarşılayırlar. Ermənilər düşünürdülər ki, Balkanlardakı müharibədən sonra özünə gəlməyən Türkiyəni bu zaman daha da halsızlaşdırmaq mümkün olacaq, bu isə onların xülyalarının gerçəkləşməsinə yol açacaq: "Əsgəri xidmətə çağırılan ermənilər türk kəndlərini yağmalamağa başladılar. Ermənilər qonaq qaldıqları evlərdə nə görürdülərsə, talan edirdilər. Bu vəziyyəti anlamayan türklərə ermənilər həyasızcasına "Müharibədən dönən zaman əşyalarınızı qaytaracağıq", - deyə hırıldayırdılar. Ermənilər doğrudan da qayıtdılar, amma onların gətirdikləri yalnız bomba və tüfənglər oldu. Ermənilərin qayıtdığı zaman ilk işləri də türklərin üzərinə hücum etmək oldu. Silahsız türklərə qarşı həyata keçirilən bu alçaq təcavüz nəticəsində çoxlu sayda türk öldürüldü. Ermənilər Anadoludakı türklərə qarşı ən vəhşi üsullara əl atırdılar. Onlar hamilə qadınları süngü ilə öldürür, qarınlarını cırır, yeni doğulmuş körpələri havaya ataraq süngüyə keçirirdilər. Mən onların Bakıdakı vəhşiliklərini gözlərimlə gördüm".  
/Xalq Cebhesi-Elçin Qaliboğlu/



Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

BABH
----------- Nə Mutlu Türküm Diyənə -----------
BABH (Bütöv Azərbaycan Birlik Hərəkatı) Türk dünyasının və xüsusilə Bütöv Azərbaycanın inkişafi uğrunda bəzi xəbərlərin və informasiyaların işıqlandırılması üçün 12.22.2007 tarixində yaradılmışdır.

Əlaqə vasitəsi: babharakati@gmail.com

Ermənistanın, Fars şovinistinin, Rus imperiyasının, kürd terroristlərinin və kürd mafiyasının təcavüzü Azərbaycana davam edir.
  • İndi blogda: 8
  • Keçən ayın hiti: 21307
  • Dünənki hit: 673
  • Bugünki hit: 640
  • Ümumi hit: 136438



  © Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog